• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    Rusiya İctimai Palatasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub

    Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Azərbaycan Demokratik Respublikasının tarixi: 100 ildən sonra baxış 1918-2018" mövzusunda dəyirmi masada Rusiya Dövlət Dumasının, Azərbaycanın Rusiyadakı Səfirliyinin nümayəndələri, iki ölkənin tanınmış elm adamları, tarixçilər, hüquqşünaslar, jurnalistlər və diaspor nümayəndələri iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan Mərkəzin icraçı direktoru Mehman Şükürov Azərbaycan Demokratik Respublikasının 100 illiyinin Rusiya İctimai Palatasında qeyd olunmasının əhəmiyyətindən danışıb. O, bu tarixin Azərbaycanın hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlının qürur mənbəyi olduğunu söyləyib: "Bugünkü tədbirin keçirilməsində məqsəd həm ADR-in 100 illiyi ilə bağlı bu il ərzində keçiriləcək tədbirlər silsiləsinə töhfə vermək, həm də tarixçilər və ictimaiyyət nümayəndələrinin 100 ildən sonra bu möhtəşəm tarixə baxışını müəyyən etməkdir".

    Azərbaycanın Rusiyadakı Səfirliyinin humanitar məsələlər üzrə müşaviri Vüqar İmaməliyev çıxışında prezident İlham Əliyevin 2018-ci ili Azərbaycanda "Cümhuriyyət ili" elan etdiyini xatırladıb: "Bu il Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının yaradılmasının 100 illiyidir. Azərbaycan Prezidenti bu möhtəşəm tarixi hadisənin yubileyi ilə bağlı tədbirlərin keçirilməsinə dair sərəncam imzalayıb. Həm Azərbaycanda, həm də ölkədən kənarda ADR-in 100 illiyi ilə bağlı tədbirlər keçiriləcək".

    Diplomat bugünkü tədbirin keçirilməsinə görə, Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzinə təşəkkürünü bildirib.

    Tədbirdə çıxış edən Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun həmsədri Dmitri Savelyevin köməkçisi Sergey Qolubev ADR-in Şərqdə ilk yaradılan demokratik respublika olduğunu söyləyib. O, Rusiya Dövlət Dumasının deputatı D. Savelyevin tədbir iştirakçılarına müraciətini oxuyub. Müraciətdə ADR-in qurucusu olan Məhəmməd Əmin Rəsulzadə kimi şəxslərin hər bir dövlət üçün böyük dəyər olduğu vurğulanıb. O cümlədən bu tarixin Azərbaycan üçün əhəmiyyəti qeyd edilib, M.Ə. Rəsulzadənin Rusiyaya, rus dilinə münasibəti, bu dili yüksək səviyyədə bilməsi, eləcə də Maksim Qorkinin əsərlərini rus dilindən Azərbaycan dilinə tərcümə etməsi xatırladıb.

    Daha sonra çıxış edən keçmiş diplomat, publisist, cümhuriyyət tarixinin araşdırmaçılarından biri olan Ramiz Abdutalıbov ADR-in qurucularının mühacirət dövründəki həyat və fəaliyyətindən danışıb. R. Abdutalıbov həm M.Ə. Rəsulzadənin, həm də ADR-in parlamentinin ilk sədri olan Əlimərdan bəy Topçubaşovun mühacirət dövründəki fəaliyyətinin daim Azərbaycanla bağlı olduğunu söyləyib: "Onlar son nəfəslərinə kimi "Azərbaycan" deyə-deyə yaşayıblar".

    Tarix elmləri namizədi Eldar Abbasov "Oktyabr inqilabından Azərbaycan Demokratik Respublikasının yaradılmasına qədər" adlı məruzə ilə çıxış edib. O, ADR-in yaranmasını şərtləndirən tarixi və siyasi şəraitdən danışıb. Tədbirdə çıxış edən Moskva Dövlət Universitetinin Postsovet ölkələrini öyrənən informasiya-analitik Mərkəzinin direktor müavini, tarix elmləri namizədi İsmayıl Ağakişiyev, jurnalist-publisist Azər Cahangirov, Rusiya Jurnalistlər İttifaqının üzvü, jurnalist-publisist Cəfər Sadıx, Rusiya XİN-in Diplomatiya Akademiyasının aspirantı Loğman Məmmədov, hüquqşünas Elman Paşayev və digər natiqlər Azərbaycan Demokratik Respublikasının yaranmasında iştirak edən şəxslərin hər birinin xatirəsinin Azərbaycan xalqı üçün əziz olduğunu bildiriblər.

    Dəyirmi masa çərçivəsində qısametrajlı "Parisdən məktublar" filmi nümayiş olunub.

     

    http://www.diaspora.gov.az

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)